← Şeirlər

Səkkiz saatlıq maska

Şeir · 16 mart 2024
Bəlkə də, işə qəbul zamanı İlk tələb belə olmalıdır: -İşə maska ilə gəlin! Səhər saat doqquz olan kimi, Geyinin maskanızı! Qapıdan keçən kimi… Kininiz varsa, udun! Nifrətiniz varsa, unudun! Şərəfinizi, ləyaqətinizi Qapıdan çöldə qoyun! Ən çox nifrət etdiyiniz insana Salam verin! Üzünə tüpürmək istədiyiniz adamın Üzünə gülə-gülə "Sabahın xeyir!" deyin, Gözünüzün görmək istəmədiyi İnsanın, gözünün içinə baxıb Əlini sıxın... Narahat oldunuz, deyəsən? Narahat olmayın. Vərdiş edəcəksiniz... Öyrəşdirəcəklər, Öyrəşəcəksiniz... Belə də insan deyilsiniz? Bir tikə çörək üçün Hər sifətə düşəcəksiniz!... Bilirsiniz necədir? Daxili duyğuları, Mənəvi dəyərləri Dərin, ali hissləri... Bunları...bunları Saat altıdan sonra Özünüzlə götürərsiniz... Hə, bu arada, qapının Qabağında qoyduqlarınızı da Unutmayın ha... O şərəfinizi, ləyaqətinizi deyirəm, Hə, onları... Gedəndə götürərsiniz... Çünki iki yüz kvadrat metrlik Bu kvadratın içində Heç nə mənəviyyatla ölçülmür! Çünki, bir-birimizdən Keçir işimiz! Çünki, İŞÇİYƏM! İŞÇİSƏN! İŞÇİDİR! İŞÇİYİK! İŞÇİSİNİZ! Və yaxşı işçisinizsə, Yaxşı qadın, yaxşı kişisiniz! ...Fərq etmir, alçaqsınız, Qorxaqsınız, Satqınsınız, yaltaqsınız! Amma, Sadəcə və sadəcə Yaxşı işçisinizsə, Yaxşı qadın, yaxşı Kişisiniz! Aydın oldu dediklərimiz?! -Aydın oldu. -Eşitmədim?! -Aydın oldu, dediklərimiz?! -Aydın oldu! Başqa sualınız var?! -Yoxdur. -Yaxşı, oldu. Gedə bilərsiniz. Hörmətli, bəlkə də, Hörmətsiz namizədlər, Unutmayın ha! Sabah işə maska ilə Gələrsiniz... 17/03/24