← Şeirlər

Dünyanın sevən vaxtı

Şeir · 4 dekabr 2021
Dünyanın da kefi çağdır, Dünyanın da üzü gülür, Dünyanın yaxşı vaxtıdır, Dünyanın sevən vaxtıdır. Bu dünyanın içində də Bizim vaxtımızdır, gözəl, Sevən vaxtımızdır, gözəl, Sevib-sevilən vaxtımız... Yer üzünün eşiyində, Bu gecənin keşiyində, Ay-ulduzun beşiyində Allah da sevgi bələyir, "Su" deyib də sevgisini Torpağın üstə çiləyir... Torpağa bax! Gör, sevgilər Budaq açır, yarpaq açır Bitir bu torpağın üstdən, Yetir bu torpağın üstdən O yarpaq, torpaq sevgilər Allaha sarı ucalır... Dünyanın yarpaq sevgisi, Dünyanın torpaq sevgisi Yetdikcə Allaha sarı Dünyanın qəmi azalır... Ver əlini, qaragözlüm! Çıxaq bu gecə seyrinə... Vallah-vallah, qaragözlüm! Bu gecə özgə gecədir, Yer göyü sevən gecədir... Bu dünyanın məhəbbəti Allaha gedən gecədir... Bu dünya day belə sevməz, Allah göydən sevgi tökməz, Torpaq da sevgi bitirməz, Ver əlini, qaragözlüm! Gəl, gözlətmə, ver əlini Çıxaq bu gecə seyrinə Dünyanın sevən vaxtıdır. Ver əlini, qaragözlüm! Gəl, gözlətmə, ver əlini! Keçər ha...!Peşman olarsan Bu dünya day belə sevməz Bu gecə keçər beləcə Keçər...bir də ələ gəlməz... 26 noyabr 2021