← Şeirlər

Otaq

Şeir · 4 dekabr 2021
Dərdini gəzirsən otaq içində Dinməzcə bu otaqdan O otağa keçirsən... Keçirsən otağına, Bağlayırsan qapını Səs-səmirsiz, sakitcə... İşığa, daş-divara, Pəncərəyə baxırsan... Deyirsən ki, ay Allah, Nə yaxşı otağım var... Dərd yoldaşım yoxsa da, Bir otaq yoldaşım var... Dərdimi bölüşürəm Bu otağın içində Dərdimlə ağlaşıram, Deyirəm, gülüşürəm, Axırda barışıram Bu otağın içində... Şükür yenə, ilahi Vay o gündən, ilahi Dərdimi ağlamağa Otağım da olmaya Dərdim onsuz, ay Allah, Dost-aşnadan yetimdir. Qorxuram ki, ay Allah Özüm boyda dərd-sərim Elə bu dərdim boyda Otaqdan yetim qalar... Arada sözləşirəm Otağımla dərdimi Otaq da qulaq asır, Mənə dinməz-söyləməz Nə ağzı var, nə dili... Yaxşı ki heç danışmır, Yaxşı ki dili yoxdur, Cavab vermir dərdimə... Yoxsa, gəlsəydi dilə, Otaq...qınardı məni Doğma, dost-tanış kimi, Yaxın kimi, yad kimi... Mən də peşman olardım Dərdimi dediyimə... Sözləşirəm dərdimi Sözləşirəm otaqla Dərdim qurtarmasa da, Mənim sözüm qurtarır Day çıxıram otaqdan... Deyirəm ki, ay otaq? Görəsən, bu otağın Görən neçə qonağı Sənə açıb dərdini? Atam nəyindən deyib? De, qardaşım nəyindən? Anam, bacım nəyindən?... Mərd imişsən, ay otaq, Vallah sən mərdimişsən Doğmadan da mərd imiş, Dostdan da mərd imişsən Çoxuna demədiyim Ürək sözün, dərd sözün Bircə sənə demişəm Təkcə sənə açmışam Ürəyimin dərdini De, mən haradan taparam? Elə bax sənin boyda Otaq boyda dünyada Fikirdaşın, sirdaşın, Ya dərddaşın mərdini? Səndən özgə, savayı Kimə açım dərdimi? Tək sənə deyə billəm Ürəyimin dərdini... Gündüz keçir, gün keçir, Dərdləşirəm otaqla, Otağım da dərdləşir Dərd dəyişir otağım Üzü eyvana sarı... Söykənirəm eyvana Naçar-naçar baxıram Adamı dərdlə dolu Dərdli adamdan toxtaq Dərdli şəhərə sarı... Qaralır gözlərimdə Adamların dərdləri Bu balaca şəhərə, Küçələrə, yollara, Adamlara sığmayan Dərdlərindən, ay Allah, Gözlərimə tor gəlir... Şükür edirəm dərdimə... Dərdimin səbri çatmır, Dərdim yaman darıxır... Dərdim otaq dəyişir... Bezirəm dərd əlindən Unutmaqçün dərdimi Açmaq üçün kefimi Ürəyimdən də böyük Arzulara dalıram, Xəyallara dalıram... Xoşbəxt-xoşbəxt gəzirəm Xəyalların içində Heç vaxt yetəmməsəm də, Heç vaxt görəmməsəm də... Unutdurur dərdimi O baməzə xəyallar... Nə yaxşı ki, ay Allah, Bəlkə yetəmməsəm də Dərd əlindən soyuyan Əl boyda ürəyimi Ocaq təki qızdıran Şirin-şəkər xəyal var... Eh...Nağıllar qururam Xəyalların içindən Gör, nə arzular keçir, Gör, nə xəyallar keçir Ürəyimin içindən... Sonra da görürsən ki, Baş qarışıb dərdlərə, Baş qarışıb arzuya, Gecə keçib yarıdan... Baş qoyursan yastığa, Deyirsən: "Bu günüm də Belə keçdi, nə olar? Bu günün sabahı var... Gecə keçər, ay otaq, Bir təzə sabah olar, Sabahı yaxşı olar..." Belə sabah gəzərsən, Belə sabah ararsan, Elə belə, beləcə, Anasını axtaran Anasız uşaq kimi, Səhrada sərab gəzən Susuz kimi, ac kimi... Belə sabah gəzərsən Əlin çatmayan sabah... Bu dərd, xəyal əlindən Yaman yorğunam, otaq Qoy mən bir az dincəlim Qoy mən bir az yuxulayım Əl götürüm hələlik Bu dərd, xəyal əlindən... Gecə keçib yarıdan Gecə çoxdan çatıbdır... Yaman yorğunam, otaq, Yaman yorğunam, yatım Ay, ulduz da yatıbdır..." Oyanırsan o sabah Görürsən ki, ay adam Sabah həmin sabahdır Sən də həmin adamsan, Dünənki, həmin adam Otaq həmin otaqdır... 4-5 Noyabr 2021 Bakı şəhəri