← Şeirlər

Mübarizə

Şeir · 7 iyul 2026
Gözünü açıb seyr edərkən bu dünyanı, Boğazından səs qopur Dünyanın eşiyinə... Dünya, səni salamlayır: "Xoş gəlmisən beşiyimə". Səslə tanıyırsan həyatı, İnsanları, neməti... Qışqırırsan, bağırırsan... Ya yuxu ehtiyacı, Ya da ki xörək acı... Və belə başlayır mübarizən Həyata qarşı... Böyüyür yaş, Səs sözə verir Yerini Ağzın boyda sözlər öyrənirsən "Ata, ana, akka, bıva"... Öyrənirsən, eşidirsən, Eşitməli olduğun, Eşitməli olmadığın sözləri... Alqışları, qarğışları, Söyüşləri... Xəlvəti söhbətləri... Və beləcə başlayır İlk qadağan, İlk cərimən... -Məbadə bu Söhbəti kiminsə Yanında deyəsən, ha! Dondurma almaram ha sənə! Gəzməyə aparmaram ha səni? Razılaşdıq? -Bəli. Xeyirli olsun, Bu da ömründə İlk dəfə aldığın rüşvətin... Boy atır yaş, Söz cümləyə verir yerini "Mən planşet istəyirəm Mənə velosiped alın, Mənim ondan xoşum gəlmir, Mənim bundan zəhləm gedir, Anam deyir, gəlməsinlər, Atam deyir salam vermə, Danışma, dinmə! Sus! Kəs!" Və beləcə tanıyırsan Özünün, atanın, ananın Doğmanın, yadının Xasiyyətini, İnsanların xislətini Bir az da böyüyür Mübarizən... Yavaş-yavaş sərtləşirsən... Yetişirsən...Cümlələr Yerini daha geniş cümlələrə verir Cümlələrin də yetişir Fikirlərin də... Yarısı məktəbdə, Yarısı məhəllədə, Yarısı evdə, Xeyirdə, şərdə... Tanıdığın adamların Sayı da artır, Adamlar tanıyırsan Yaşında artıq, Hətta bir az "qocalırsan" Başından artıq... "Kimsən? Atan kimdir? Baban kimdir? Anan kim?" Cavab verirsən: "Əliyəm, Sarayam, Tahirəm Qoçəlinin oğluyam, Əlövsətin qızıyam Əkbərin də nəvəsi, Saranın da balası..." Adlar necə tanışdır... Qoçəli, Əkbər, Sara, Rişxəndlə gülür sana: "Xoş gəlmisən! Nə yaxşı! Ay, Qoçəlinin oğlu! Ay, Əlövsətin qızı Ay, Əkbərin nəvəsi! Ay, Saranın balası! Çay iç bizlə, qadası!" Beləcə duyursan İlk saxta mehribanlığı, İlk saxta səmimiyyəti... Duyursan, amma, susursan... Bir az da bərkiyirsən... ...Böyüyürsən, Məktəblisən, Tələbəsən, Oxuduğun, Kitabların, tanış Olduğun müəlliflərin, Hekayələrin, Sətir-sətir əzbər bildiyin Dərsliklərin Əzbəri də Məhvərindən Dəyişir... Artıq hər şeyi Və hər kəsi Tanıyırsan, Dünyanı, bəşəri... Hər şeyin Və hər kəsin dadına baxırsan.... Kinin, nifrətin, xəyanətin Vətənə, anaya, bayrağa ataya İncilə, Tövrata, Qurana, Tanrıya Cümlə bəşərə Duyduğun Məhəbbətin... Və ən çox sevdiyin Şeylərdən, Ən çox vurğunu olduğu Kəslərdən iyrənməyə başlayırsan... Və beləcə başlayır Ən böyük mübarizən! Müqəddəs bildiyin, Toxunulmaz sandığın Bütün dəyərlərə qarşı! Çünki iç üzünü görürsən! Müqəddəsliyin altındakı İyrəncliyin! Çünki iç üzünü görürsən! Toxunulmaz bildiyin Dəyərlərin altındakı Bəşər heysiyyətinin Zorlanmış bəkarətini! Ve beləcə böyüyür mübarizən! Bütün "sus"lara Və bütün qorxulara Qarşı! Və böyüməlidir də, Əzizim! Qulaq ver! Gör nə deyir Babaların nəfəsi: "Danışmaq gümüşdürsə, Susmaq qızıldır, Oğlum, qızım". Nə gözəl sözdür bu söz... Demə, ilk qadağamız Bəri başdan qoyulmuş, Demə, ilk rüşvətimiz Bəri başdan verilmiş... Sükut qızıla bərabərmiş... Susma! Susma! Danışgil! Qoy sözünün qiyməti Düşsün gümüşdən belə! Çünki sənin "sus"undan, O qızıl sükütündan Nə qızıllar qazanır, Kiçik böyük adamlar! O böyük siyasilər! Əbalı ruhanilər! Nəhəng kapitalistlər Nüfuzlu bürokratlar, Ləndlordlar, o maqnatlar! Onlardan hər yerdə var! Ankarada, Bakıda, Təl-Əvivdə, Tehranda... Bax belə varlanırlar... Bizim kimi adamların Beynini və ruhunu uda-uda!... Susma! Susma! Danışgil! Qorxma, hələ ki varsan! Qorxma! Qorxma! İrəli! Çünki , düşünən başsan! Dönmə mübarizəndən! Çünki , sən, VƏTƏNDAŞSAN!... 06/07/2026/-07/07/2026