← Şeirlər
Üç hekayə
Deyək ki, uzadan yol gələr oldun,
Dolandın qapı-baca əlacsız, naçar,
Dolandın bir ərin evinə sarı
Ər deyən ağadır, torpağın biçər,
Süfrənin üstdədir şüyüdlü plov
Qalxar çölə sarı, iy buğum-buğum.
İyə nəfsin çəkər, üəryin keçər,
Ağa qıyqac baxar pəncərəyə səmt,
Ağa səs eyləyər qapıya sarı:
“Qapının gözündə kimdir o biçəm?”
Yavaşca sivişib qapı önündən,
Gedərsən bir özgə qapıya sarı.
Qapı dediyin də komadır koma,
Komanın ağası çobandır çoban,
Qurub torpaq üstdə tək, ala eyvan,
Eyvanın çölündən baxar o adam,
Çağırar yolçunu süfrəyə sarı.
Süfrə də çobanın Allah süfrəsi,
Bardaq su, göyərti, bir də ki darı.
Tezcə balasına səs də eyləyər,
Çöldə də doğranar malın dabanı.
Söz-söhbət eylərlər keçən, keçmişdən,
Dünkü məşğulatdan, bu günkü işdən,
Yolçu da söz salar, çox üçdən-beşdən,
Axır söz gətirər şüyüd bişmişdən,
Axır söz gətirər, ağaya sarı.
Çobana ağadan üç nişan verər:
Qara buğdayıdır, xalı kişmişdən,
Qonur buxarısı yuxarı başdan.
Çoban da ağanı beləcə tanır,
Demə, çobanıymış sənə keçmişdən.
Çoban xəbər tutub, olub-bitmişdən,
Atar qabar əlin, yolçuya sarı:
“Dərd etmə, a qardaş, gəlgil nuş eylə,
Day məni bağışla, plovum yoxdur,
Nə varsa, nuş eylə, gümüşü teştdən”.
Yolçu da şükür eylər o bir Allaha,
Yolçu da şükür eylər qara çobana,
İki kəlmə çıxar dodaqdan, dişdən;
Çoban ki ağadan səxalı çıxdı,
Heyif o sərvətdən, ay əmioğlu”.
Sonra ertə olar, gün, Günəş doğar,
Yolçu da ayılar gecəki düşdən,
Çoban da geyinər boz yapıncını,
Geyər araqçının ala naxışdan,
Süfrə tama eylər o da obaşdan.
Yolçu qonaq olar dan süfrəsinə,
Qaraca çobanın xan süfrəsinə,
Açar “Bismillah”la süfrəsin yolçu,
Tutar əllərini Allah üzünə,
Dua-səna eylər Allaha sarı;
“Ya Rəb, sən rəhbərsən gün-gündüzümə,
Bu xan çobanı tək adamlar çıxsın,
Yollarım üstünə, çarıq izimə”.
Yolçu, dan süfrəsin şüt-tamam eylər,
Açar xurcununu çobana sarı,
O xan çobanı da haqq-halal eylər,
Yolçu da düzələr yoluna sarı.
Bir qədər yol dərəsi, düzü,
Dan ötər, gün qızar, gələr gündüzü,
Yolboyu qırqovul, it-pişik səsi...
Yolçu ayaq saxlar, yol tamam eylər.
Üz dönər ərənin evinə sarı.
Yolçu da acıyıb, suya tamarzı,
Döyər top toxmağı yolçu üç kərə,
Sondan da açılar ala darvaza,
Darvazanı açar yaşmağı açıq,
Sinnisi altmışdan irəli xatun.
Teli gün sarısı, cüt alma yanaq,
Nabat tək ağ buxaq, donqanovuzu,
Gözləri yamyaşıl, qolları nazik,
Burnu da maili, dodaqda bəzək,
Ayaqda yaşıl çust, sırğa qırmızı.
Əri də ölmüşdür, beş sənə keçmiş,
O xatun, o əri, öləndən bəri
Ala darvazanın önündən keçən,
Hər cahıl oğlana, ərə tamarzı.
Zümrüd yaşıl boya gözləri ilə,
O başdan bu boya oğlanı süzər.
Oğlanın yar-yaraşıq, gözləri qara,
Ağappaq köynəyi, təptəzə dərzi,
Belində aı qurşaq, başda araqçın,
Ağbirçək ananın ürəyin üzər.
Nazı, qəmzə ilə göz süzə-süzə,
Başlar oğlan ilə söhbətə, sözə:
-Hayandan hayana gəlirsən oğlan?
-Culfadan gəlirəm üzü Təbrizə.
Xatun bir də baxar ayaq-başına,
Çarığın üstündə toz bulaşına
-Xeyli yol gəlmisən, yorğun olarsan,
Gəlgil, içəri gəl, gəl, buyur bizə.
Yolçu ismətindən həya eyləyər,
Xatun duyuq düşər o halətindən,
Nazikcə oğlana əl də eyləyər,
“Qorxmagil, sən mənim oğlum olarsan”.
Yolçunu çağırar içəri sarı.
Xanə ki nə xanə! Saray, imarət!
Var idi xanənin iki cüt qatı,
Pəncərə şəbəkə, növbənöv,
Rəng-rəng, tay-tay Günəş altda
İşvə naz atır.
Pöhrə, nübar verir bağçası, bağı,
Mərkəzdə fəvvarə, göyərçin oynar,
Həyət, eyva boyu, Kəşmir, Hind xalı.
Süfrəyə düzülüb beş cür naz-nemət:
Cığırtma, bozartma, yarpaq dolması,
Göy dövğa, sapsarı heyva nübarı.
Öndən xatun keçər, qurar bardaşın,
Sondan yolçu keçər süfrəyə sarı.
“Bismillah” zikr edib nuşa başlarlar.
Yolçu üzün tutar Allaha sarı,
Duasın eyləyər, o can evində:
-Ay Allah, mən sənə sığınıb gəlləm,
Bu yaşlı xatunun şərindən saqın.
Allah nişan alar yolçu duasın,
Ona nişan verər həyət barısın,
Görsənər gözünə xatunun qızı,
Ağızı yaşmaqlı, gözləri ala,
Yoxudur qol bəndi, qızıl sırğası,
Başmağı sadədir, donu da sadə,
Bəyim, möhkəm saxlar bəyim həyasın.
Həyət barısında iş tamam eylər.
Aram-aram gələr süfrəyə sarı.
Aram-aram gələr süfrəyə sarı.
Rast çıxar süfrəyə salamın eylər,
Başı ilə o cavan yolçuya sarı.
Xatun qeyzlənər gözünün altdan,
Xatun da çəmkirər qızına sarı:
Sənin nə işin var süfrə başında?!
Keç buradan o üzə, ol iş başında!
Yolçu duyuq düşər o halətindən,
Üzünü çevirər bəyimə sarı:
-Xanım qız, heyva ilə çox xoşum yoxdur,
Mənə alma dərin, bağızdan barı.
Bəyim, ayaq çəkər süfrə başından,
Bəyim, yol eyləyər bağın başına,
Çatar ağacların alma qaşına,
Nübar cüt almanı qoyub torbaya,
Təzədən yol dönər süfrə başına.
Yolçunu almaya, o, qonaq eylər.
Yolçu nuş eyləyər qızıl almanı,
Göy üstdə Allaha, göy altda qıza,
Ürəkdə min şükür, min səna eylər.
Nahar tamam olar yolçunun belə,
Yolçu ayaq durar, qolun düymələr,
Açar xurcununu, dirhəm nəməri,
Bəyim də zəhmətin haqq-halal eylər.
Yolçu, halallaşar xatun, bəyimlə,
Yolçu da yollaşar yoluna sarı.
İkicə söz çıxar ağız dışarı:
“Bala ki anadan urvatlı çıxdı,
Heyif, o urvatdan, ay əmioğlu”.
Yolçu da düzələr yoluna belə,
Üzünə gülümsər, solğun çiçəklər.
Hava buludludur, gün tamarzıdır,
İstisi dönübdür, güz-qış ağzıdır,
Yel də göydən qopar, hay-haray eylər.
Beləcə yol gedər bu kənd uzunu,
Bu dolay uzunu, qışlaq uzunu,
Çoban haraylayar qoyun-quzunu,
Gün batmağa gedər, qaraldar qaşın,
Üz tutar kişilər, xanım, xatunlar,
Cavanlar, cahıllar, bəyim, banular,
Xörək iyi verər kəndin dam-daşı,
Tüstü oynaqlayar bacası, damı,
Başlayar obanın şamı, axşamı,
Oba, süfrə üstdə axşamın eylər.
Tutar yolçu bəyi, aclıq istisi,
Alar naz-nemətin iyin, tüstüsün,
“Görən kim səxalı bu oba içrə?
Qəribə kim açar axşam süfrəsin?
Kim məni suyuna, duz çörəyinə,
Haqq-salamına tən qonaq eylər?”
Beləcə gəzinər obanın içrə.
Gəzinər, tükənər səbri yolçunun,
Axır, bir qapıda yol tamam eylər.
Baxar o qapıya, qapı nə qapı?
Saray darvazası, padşah qapısı!
Elə bil, içində qoşun yol eylər.
İstər, soraq alsın qara qapını,
Yoldan keçənləri söz-sual eylər:
-Kimin qapısıdır bu qara qapı?
Yoldan keçənlər də yolçuya baxır,
Hamı bir ağızdan tək cavab söylər:
-Sövdəgar Xəlilin ocağıdır bu,
İmkanlı tacirdir, mal xırıd eylər.
Yolçu ac-susuzdur, yolçu yorğundur,
Aclığın istisi vurub başına,
Başı da fırlanır aclıq ucundan
Axır tap gətirər bu yorğunluğa,
Yapışar toxmağın toppuz ucundan,
Var güclə toxmağa, qol-qüvvət eylər.
Açar darvazanı Xəlil sövdəgar,
Gözün əyrisi ilə baxar yolçuya,
Deyinər özünə: Kimdir bu bikar?
Qürbətçi yolçunu sorğuya çəkər:
-Adın nə? Nəçisən? Harada gəlirsən?
-Əşrəfəm. Yolçuyam. Culfa qonağı.
-Culfa qonağısan?
-Culfa qonağı.
-Cuıfanın Mərənddə nə iz-ayağı?
-Yolum Təbrizədir.
-Yolun məramı?
-Derlər, müdərrisim canı üstdədir,
İstərəm ki, görəm mən ustadımı.
-Ustadın nə elmə məşğul olardı?
-Ustadım müəllimdi, alim, münəccim,
Bu yeri, o göyü yaxşı tanırdı.
-Sən nəyə məşğulsan?
-Mən müdərrisəm, mənim
Mədrəsəm var, obam içində.
-Ay, ulduz sayırsan o uşaqlara?
-Səd əfsus...nəstəliq xətti bilirəm,
Xətt hüsnün keçirəm o cocuqlara.
-Afərin! Min əhsən! Xoşuma gəldin!
Alimə, müəllimə hörmətimiz var,
Gəlgil, keç içəri, qonaq ol bizə,
Görək, sən müəllimə, sən qürbətçiyə,
Süfrəmiz üstündə nələrimiz var?
Əşrəf ayaq basar, keçər içəri,
Xatun həyətindən həyəti böyük,
Boz daşlar üstündə malı, dövləti,
Sərvət xalvar-xalvar, tən, bölük-bölük,
Evin əndazəsi xatun evi tək,
Həyət, bağ-bağçası nəhəngdən nəhəng,
Bağ-bağça dediyin şəhri-Xiyaban,
Ağacın, çiçəyin rəngu həmahəng.
Həyətin gözündə fəvvarə rəqsi,
Dənlər bərəkətin sürü sərçəsi,
Bu üzdən qovzanar at kişnərtisi,
O yandan boy verər o Mişov dağı,
Mişov gülümsünər həyət üzünə,
Duyular dağların buz hənirtisi.
Əşrəf, heyran-heyran tamaşa eylər.
Cüt qədəm qoyarlar qapı başına,
Aramca keçərlər süfrə başına.
Süfrənin üstündən qablar qabqarıb,
Süfrənin üstünə qablar daşınar,
Nemət təzələnər süfrənin üstdə,
Xəlil də, Əşrəf də “Bismilllah” eylər.
Nemət də nə nemət! Toy-bayram yeri,
Kababın xan, bəyi, plovun şahı,
Ayranın, qatığın, qımzın ağı,
Bir sıra şərbətdir, bir sıra sirkə,
Bir sıra çaxurdur, bir sıra bəkni,
Heyva mürəbbəsi, gül mürəbbəsi,
Firnisi, quymağı, qoğal, fəsəli.
Əşrəf diqqət ilə baxar süfrəyə,
Ona heyrət gələr süfrə məsəii.
Utana-utana Əşrər dindirər
Süfrədə iş görən o qız-gəlini,
Süfrənin səbəbin o maraq eylər.
Axır, marağının alar cavabın.
Demə, bu məclisin səbəbi varmış,
Sövdəgar Xəlilin təvəllüdü imiş.
Əşrəf göz gəzdirər üstü-başına,
“Görən, mən özümdən nə sovqat verim,
Gəlsin bu sövdəgar Xəlil xoşuna?”
Baxar qurşağına, qurşağı al-al,
Qurşağı bəzəkli, qızıl naxışlı,
Sərf-nəzər eylədi Xəlilə sarı,
Əşərfin, Xəlilin cüt-cüt gözləri,
Alaca qurşağın üstdə kəsişdi.
Əşrəf də şamını tamam eylədi,
Çıxardı qurşağı ağ köynəyindən
Sövdəgar Xəlilə sovqat eylədi
“Mövludun mübarək, a tacir ağa,
Bilsəydim, bəridən tədbir gələrdim,
Nagahan oturdum, dah üzrlü say,
Sənə qurşağımı sovqat eylərəm,
Gəlgil, sən nəzər sal, bu al qurşağa”.
Xəlil, gözün qıyıb, qurşağa baxar
“Alaram ucuza, sataram baha”.
Sələmçi nəvəsi gələr iştaha,
Məgər bir al qurşaq, ona bəs eylər?!
-Ay Əşrəf müddəris, ay alim adam,
Sovqat ki verirsən mənə ki madam,
Təkcə al qurşaqlar can qurtarırsan.
Deyib, gözlərini işıldar Xəlil,
Əşrəf müdərrisin çarığı üstdə,
Baxar diqqət ilə qonur çarığa.
“Mal da pis mal deyil, mətahlı maldır
Alaram ucuza, sataram baha”.
Əşrəf göydə alar onun nəzərin
Üzü çölə baxar, hava savuqdur,
Göydən yerə sarı küləkm uğuldur.
Xəlil də Əşrəfin nəzərin alar
Ala gözü ilə sərt nəzər eylər
“Havadan qorxursan, Əşrəf müdərris,
Ay süfrə yoldaşı, ay yolçu bəyi,
Bu bəy süfrəsindən doydumu nəfsin?
İçibən ayranı, yeyib əkməyi?”
Əşrəfin çarəsi kəsilər o vəqt,
Keçər çarığından əkmək qanına.
Xəlilə bəs etməz, al qurşaq, çarıq,
Sondan tamah salar göy araqçuna,
Zərgər nəzər eylər naxışlarına.
“Bu köpəyin oğlu mal tanıyanmış,
Özünə nə yaxşı araqçun seçmiş”.
Əşrəf göydə alar Xəlil nəzərin,
Əşrəf çölə baxar, hava savuqdur,
Göydən yerə sarı, külək uğuldur.
Qıyqac nəzər eylər bəy süfrəsinə,
Boğular qeyrətə Əşrəf müdərris,
Keçər qeyrətindən Əşrəf müdərris!
O, öz qeyrətini bəyə pay eylər!
Çıxar aram-aram qapı ağzına,
Sövdəgar Xəlilin oğlu da Cəlil,
Əşrəflə cüt, qoşa, yol davam eylər.
Çəkər müdərrisi, Cəlil kənara,
Olmuş haqq-hesabdan söz xəbər eylər:
-Bağışla deyirəm, atam əvəzi,
Bağışla sən bizi, ay Əşrəf qardaş,
Atam belə olsa, tacir ağadır,
Haqq-salamı da sərhesab eylər.
Deyib, Cəlil açar ağ xurcununu,
On qızıl şahlığı, gümüş abbası,
Əşrəf müdərrisə o sovqat eylər.
Əşrəfin allanar həyadan üzü,
Cəlil sovqatından imtina eylər.
Cəlil də Əşrəfin ovcun açdırar,
Bütöv ağ xurcunu tamam pay eylər.
-Qeyrətli ərmişsən, Əşrəf müdərris,
Kaş, elə sən mənə qardaş olaydın,
Dadaşım olunca, belə bir xəsis.
Əşrəf, Cəlil ilə üz-göz görüşər,
Hər iki, zəhmətin haqq-halal eylər.
Əşrəf də şad-xürrəm çıxar eşiyə,
Dəmin haqq-hesabı o fikirləşər,
İki kəlmə çıxar dodaqdan dişə.
“Oğul ki atadan qeyrətli çıxdı,
Heyif, o qeyrətdən, ay əmioğlu”.
Yolçunun qurtarar burada yol sözü,
Yolçu, yol sözünü şüt-tamam eylər.
Təzəcə sərgüzəşt çıxsa rastına,
Təzə macəraya baş vursa əgər,
Təzəcə əhvalat gəlsə başına,
Təzə hekayədən, hal, xəbər eylər
05/11/2026-07/11/2026