← Şeirlər

Payız gecəsi

Şeir · 17 aprel 2023
Payız...gecə yarısı, Küləyin uğultusu... Külək uğultusuna Qarışmış, sarı, narınc, Qırmızı payız yarpaqlarının Rəngli payız qoxusu, Gecənin səs sirdaşı, Gecənin söz sirdaşı Yarpağın xışıltısı... Səs-səmirsiz küncünəcə qısılıb Bu xırdaca şəhərin Küncündə, bucağında Bir isti qucağında Şəhərin gecə səsi, Bir hüznlü nəğməsi Cavan bir gitaraçı, Yarımçıq bir sevginin Yarım qalmış bəstəsi Bir sevgi, eşq şərqisi Şəhərin gecə səsi Bir hüznlü nəğməsi... Ensiz küçə boyunca, Yanan, sönən işıqlar, Bu balaca şəhərin, Körpə ağaclarının Qalxan, enən, köndələn, Əyri döngələrinin Dalanların, tinlərin, Balaca insanların, Balaca insanların Balaca evlərinin Üzərinə işıldar Yanar, sönər işıqlar... Aha! Yadıma düşdü.. Bir də, dostum, bir də ki Köhnə məhəllələrin, Köhnə pəncərəsindən Neft qoxulu lampalar O qara, boz daşların Üzərinə işarar Bu gecədə bir ayrı, Ayrı, ayrı gözəllik, Ayrı bir yaraşıq var! Yanar, sönər işıqlar... Neçə-neçə sevginin, Gör neçə sevgilinin Neçə sirrin sahibi, Neçə sirrin şahidi Köhə, qara divarlar, Körpə, qoca ağaclar O qara divarlara, O yaşıl ağaclara, Sevgidən bəzək vuran, Bu yalquzaq şəhərin, Sonuncu şairinin Sonuncu misraları... 2017 iyul Bakı şəhəri