← Şeirlər

Qorxu

Şeir · 5 dekabr 2021
Əzizim, qorxusuz adamlar ki var, Görsən, adamların ən qorxağıdır. Görən, neçə qorxu görüb həyatda? Görən, neçəsinə udub, uduzub? Neçə qorxusundan sağ çıxıb adam? Neçə qorxusunun üstündən keçib? Görən, neçəsindən qaçıb, gizlənib? Desən, qabağında baş əyib adam? Görən, neçəsinə düşmən kəsilib? Hələ neçəsi ilə doğmalaşıb da Neçə qorxusu ilə dostlaşıb adam? Qorxular içində yaşayır adam Qorxular unudur qorxu içində Gör, necə öyrəşir qorxuya adam? Köhnə qorxuların itir dadı da Qorxudan toxtayan can damağında Təzə qorxulara iştah eyləyir, Təzə qorxulardan dad alır adam... Adamı qorxular qorxaq eyləyir, Adamı qorxular igid eyləyir. Kiçilir, böyüyür qorxu içində, Yuxalır, yumşalır qorxu içində, Qorxular içindən bərkiyir adam... 6 oktyabr 2021 Bakı şəhəri