← Şeirlər

Yeri, İşığım, Yeri

Şeir · 5 dekabr 2021
Yeri, işığım, yeri Gecə çoxdan çatıbdır Günəş yol üstdə batıb Yol qoynunda yatıbdır. *** Yeri, sabah gələrsən, Günəş yolu aşanda Yola işıq düşəndə Dünya duyuq düşəndə.... *** Yeri, indi gecdir day Yeri gecə yarıdır Yerdə ikimiz ayıq Göydə Allah oyaqdır. *** Allah nəzər eyləyir Bizə, göylərin üstdən Bizə, yerlərin üstdən Allah nəzər eyləyir Torpağın, odun üstdən, Ayın, ulduzun üstdən, Yuxulu adamların Şirin yuxusu üstdən... Yerin desən, səbri yox, Göyün desən, səbri yox Tək Allah səbir eyləyir Bizə, bizim əvəzdən... *** Görürsənmi? Yerə bax! Torpaq ayaqdan qaçır Görürsənmi? Göyə bax! Göydən ay-ulduz yağır Yuxulu, qalaq-qalaq Dünya yatan vaxtdır day Bəlkə, biz də yuxulayaq? *** Yeri, gözüm işığı, Yeri gələrəsən sabah Bizdə söhbət qurtarmaz Təzə söhbət başlarıq Qorxma, gecəyə qalmaz... *** Yeri, işığım, yeri Yeri day, yuxunu al, Yeri, Ay əmanətim, Yeri üzü gecəyə Yeri, gələrsən sabah Yeri, işığım, yeri Yeri sağ-salamat qal.... 21 Avqust Bakı şəhəri