← Şeirlər

Yuxu

Şeir · 1 fevral 2022
Bir qorxulu yuxu gördüm Gözlərim kəlləmə çıxdı Şükür, kəlləm üstümdədir Şükür, ölməmişəm hələ... Yox, başımı itirmədim Sağ çıxdım cin yuxusundan O şər, şeytan yuxusundan... Ayıldım, gördüm gecədir Yuxu görsənmir gözümə Derlər: "Yuxunu suya yoz, Soraqla, yuxum necədir?" Deməyə su da tapmadım Su da dinmədi yuxuma Su da diksindi yuxumdan Su məndən də qorxaq çıxdı Su da qaçdı qabağımdan... Yuxudan sağ çıxmış idim Sudan da sağ çıxdım, lələ... Yox, bu yuxudan qorxmadım Diri qaldım bu yuxudan Neçə beləsin görmüşdüm Bu da öldürmədi məni Yuxu öldürmədi məni... Su yuxumu dindirmədi, Heç məni də dindirmədi Mən də suyu dindirmədim... Yola saldım Su Babanı Yola saldım, su yoluna... Özümə təzə su gəzdim Tapam, bəlkə, yuxum yoza?... Oyaq su da tapammadım Bu qaranlıq yer üzündə Bir də gördüm, bu dünyanın O üzündə, bu üzündə Gördüm, sular da yatıbdır Sular da yuxulayıb, yatıb Yatıb hərə bir daş üstdə *** ...Bir qorxulu röya gəzir? Xeyir gəzir, ya şər gəzir? Deyən, təzə yuxu gəzir? Sular mənim başım üstdə?... 30/01/2022-31/01/2022 Bakı şəhəri